Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən Müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş 223-cü Azərbaycan atıcı diviziyasının tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimi keçirilib. Azərbaycan nümayəndə heyəti də tədbirdə iştirak edib.

Şeyxülislam Allahşükür Paşazadə tədbirdə iştirak edərək bildirib ki, Azərbaycan milli diviziyalarının, o cümlədən 223-cü atıcı diviziyanın qəhrəmanlıqları unudulmur və bu cür tədbirlər yeni nəslin vətənpərvərlik hisslərinə də təsir göstərir. “Lakin təəssüf ki, müasir dövrdə neofaşizm meyillərinin də şahidiyiq. İrəvanda Qaregin Njde kimi “qəhrəman”ların xatirəsinin əbədiləşdirilməsi ümumilikdə regiondakı sülh və təhlükəsizliyə ciddi təhdiddir”, - deyə Şeyx qeyd edib.

Baş nazirin müavini Şahin Mustafayev deyib ki, 2020-ci il MDB-də Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi elan olunub və bu xüsusda Mozdokdakı tədbirin Azərbaycan üçün əhəmiyyəti böyükdür.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, faşist işğalçıları ilə döyüşdə həlak olan azərbaycanlıların xatirələrinin əbədiləşdirilməsi xüsusi hörmətə və minnətdarlığa layiqdir: “Bu abidə həm də Azərbaycan və Osetin xalqlarının, ölkəmizlə Rusiya arasında dostluğun növbəti simvoludur”.

Tədbirdə çıxış edən digər natiqlər də Böyük Vətən Müharibəsində 600 minə yaxın azərbaycanlının şücaətlə döyüşdüyünü, həyati əhəmiyyətli neft məhsullarının – benzinin 80, motor yağlarının 90 faizinin məhz Azərbaycanın payına düşdüyünü vurğulayıblar.

Xatırladaq ki, 1942-ci ilin yayında Qafqazda əlahiddə gərginlik yaranmışdı. Faşist Almaniyası Maykop, Pyatiqorsk, Mozdok və digər şəhərləri işğal edib Terek çayının sağ sahilinə istiqamətlənmişdi. Qarşı tərəfdə isə şücaəti ilə xüsusi fərqlənən Azərbaycan Milli Diviziyası dayanırdı. 223-cü atıcı diviziya 1943-cü il yanvarın 1-dən martın 16-dək Şimali Qafqazın azad edilməsində müstəsna fərqlənir.

Rüfət Həmzəyev